Məqalələr / Ginekoloji Xəstəliklər

Polikistoz yumurtalıqlar sindromu zamanı hormonal tarazlığın pozulması nəticəsində qadında ovulyasiya prosesi baş vermir.
Yumurta hüceyrələri lazımi ölçüyə qədər yetişdikdən sonra yumurtalığı tərk etməyərək, çoxsaylı kiçik kistalar şəklində, onun daxilində qalırlar. Xəstəliyin adı da buradan götürülmüşdür (poli-çox, çox kistalar). Kistaların olması səbəbindən yumurtalığın qişası bərkimiş, onun ölçüləri isə xeyli artmış olur. Polikistoz xəstəliyi qadınların sonsuz olmasının ən çox təsadüf edilən əsas səbəblərindən biridir. Bundan başqa, polikistoz xəstəliyi müalicə olunmadığı hallarda, ağır uşaqlıq qanaxmalarına, piylənməyə, yumurtalığın (və ya ölçüsü böyük olduğu halda kistanın) dağılmasına və bəzi hallarda isə hətta onkoloji xəstəliklərə də (uşaqlığın xərçəngi, süd vəzisinin xərçəngi) səbəb ola bilər.
Polikistoz xəstəliyin əsas əlamətləri:
- aybaşı tsiklinin pozulması;
- bəzi hallarda qanaxma;
- bədəndə (sinədə, belin aşağı hissəsində) və üzdə kişi tipinə xas olan şəkildə tük örtüyünün artması;
- sızanaqlı səpgilər, dəri və saçların yağlı olması;
- 50% xəstələrdə səbəbi olmadan çəkinin kəskin şəkildə artması;
Polikistoz xəstəliyi əksər hallarda cinsi yetkinlik dövründə başlayır. Tibbdə bu xəstəliyin hansı səbəbdən inkişaf etməsi barədə hələ ki, dəqiq fikirlər yoxdur. Yalnız o məlumdur ki, hansısa səbəbdən orqanizmdə estrogen hormonlarla (qadın cinsi hormonları) androgen (kişi cinsi hormonları) hormonlar arasında nisbət tarazlığı pozulur (kişi cinsi hormonların hazırlanması artır, qadın cinsi hormonların hazırlanması isə əksinə olaraq azalır) ki, bu da polikistozun yaranmasına səbəb olur.
Polikistozu olan qadın uşaq olmasını arzu etmiş olarsa, bu halda həkimlər ona ovulyasiyanı stimullaşdıran xüsusi hormonal müalicə kursu təyin edirlər.