İkibuynuzlu uşaqlıq bu orqanın kifayət qədər yayılmış anadangəlmə patologiyasıdır. Bu patologiya zamanı uşaqlığın boşluğu (cisimi) sanki iki hissəyə bölünmüş olur. Patologiyanın mərhələsindən asılı olaraq uşaqlığın boşluğunu bölən çəpər qısa və ya çox uzun ola bilər ki, bu halda uşaqlıq və hətta uşaqlığın boynu tam iki hissəyə bölünmüş olur. Yuxarıda sadaladığımız uşaqlığın normal formasından kənara çıxmalar özünün heç bir əlamətlə büruzə verməyə də bilər və bu patologiya yalnız təsadüfən USM zamanı aşkar oluna bilər. Bəzən ikibuynuzlu uşaqlığı olan qadınlarda menstrual dövrünün müxtəlif pozulmaları müşahidə olunur - uşaqlıq qanaxmaları, dismenoreya (ağrılı menstruasiyalar) və s. Bu zaman qadın müayinə üçün həkimə müraciət edir və USM və ya histeroskopiya zamanı uşaqlığın ikibuynuzlu olması aşkar olunur. Adətən bu patologiyası olan qadınlar hamilə qalır. Lakin bu qadınlarda hamiləlik çətin keçir. Uşaqlığın qeyri-normal olması ciftin çox aşağıda, uşaqlığın çıxışına yaxın yerləşməsinə səbəb ola bilər. Bu isə öz növbəsində qanaxmalara, ciftdə qan dövranın pozulmasına, ciftin qopmasına və uşaqsalmaya səbəb ola bilər. Digər tərəfdən qadında uşaqlıq boynu çatışmazlığı inkişaf edə bilər ki, uşaqlıq boynu doğuşdan xeyli əvvəl açıla bilər və nəticədə uşaqsalma baş verə bilər. Uşaqlığın qeyri-normal formasına görə uşaq ana bətnində çox darısqal şəraitdə olur və bu da uşaqsalmaya gətirib çıxara bilər. Lakin hamiləlik saxlanılsa da, təbii doğuş mümkünsüz və ya həm ana, həm də uşaq üçün çox təhlükəli olur. Bu halda keysəriyyə əməliyyatın keçiriliməsi haqqında qərar verilir. İkibuynuzlu uşaqlığı olan hamilə qadın daim ginekoloqun nəzarətində olmalı, özünü daim qorumalı (ağır fiziki yükləmələr, stress və s. əks-göstərişdir) və lazım olduqda hamiləliyin saxlanılması üçün xəstəxanaya yerləşdirilməlidir.
Məqalələr / Ginekoloji Xəstəliklər